Kütləvi informasiya vasitələri

Kütləvi informasiya vasitələri

Milli qanunvericilik

Bu gün Azərbaycanda müasir dünya standartlarına cavab verən müstəqil kütləvi informasiya vasitələri (KİV) formalaşmaqdadır. Dövlət “dördüncü hakimiyyət” adlandırılan KİV-in sərbəst inkişafı üçün hər cür şərait yaratmışdır. KİV və ifadə azadlığının qarşısını alan bütün süni maneələr artıq aradan qaldırılmışdır. Hüquqi və etik normalara hörmət edən jurnalist araşdırmaları, faktların və fikirlərin dərc edilməsi üçün qeyri-məhdud imkanlar yaradılmışdır. 1998-ci ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə senzura ləğv edilmişdir. İfadə, söz və informasiya azadlığı Azərbaycanda həyata keçirilən daxili siyasətin əsas tərkib hissəsidir və dövlət tərəfindən ardıcıl qaydada bu sahəyə mümkün dəstək göstərilir.

Azərbaycan Respublikasının Konstitusiyası, 1998-ci ildə qəbul olunmuş “Məlumat Azadlığı haqqında” Qanun, 1999-cu ildə qəbul edilmiş və sonrakı illər ərzində beynəlxalq təşkilatlarla aparılan məsləhətləşmələr nəticəsində təkminləşdirilmiş “Kütləvi informasiya vasitələri haqqında” Qanun, eyni zamanda 2005-ci ildə qəbul olunmuş “İnformasiyanın əldə edilməsi haqqında” Qanun ölkəmizdə söz və mətbuat azadlığı, jurnalistlərin fəaliyyətinin müstəqilliyini tamamilə təmin edirlər.

Teleradio yayımı sahəsində əhəmiyyətli qanunvericilik tədbirləri görülmüşdür. “Televiziya və radio yayımı haqqında” qanun 2002-ci ilin iyun ayında qəbul edilmiş və həmin ilin oktyabr ayında qüvvəyə minmişdir. 5 oktyabr 2002-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti Avropa Şurası standartlarına tam uyğun olan Milli Teleradio Yayımı Şurasının yaradılması haqqında fərman imzalamışdır. Milli Teleradio Yayımı Şurası 2003-cü ilin yanvarında təsis edilmişdir. Şuranın 9 üzvündən 6-sı Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilmişdir. Şura müvafiq qanuna uyğun olaraq, teleradio yayımı, yayım kanallarına lisenziyaların verilməsi və onların fəaliyyətinin monitorinqi sahəsində dövlət siyasətinin həyata keçirilməsinə cavabdehdir. Qeyd olunmalıdır ki, yarandığı gündən Şura öz qarşısında duran vəzifələri müvəffəqiyyətlə yerinə yetirmişdir.

İfadə və informasiya azadlığının təmin edilməsi istiqamətində növbəti mühüm addım 2003-cü il mart ayının 15-də Azərbaycan jurnalistlərinin ilk konqresində Mətbuat Şurasının yaradılması olmuşdur. Bu orqan müstəqil surətdə, dövlətin heç bir müdaxiləsi olmadan jurnalistlərin özləri tərəfindən yaradılmışdır. Müstəqil orqan olan Mətbuat Şurasının əsas funksiyası KİV ilə fərdlər, həmçinin KİV ilə özəl şirkətlər arasında mübahisələrin məhkəməyə qədər həll etməkdən ibarətdir. Şura həmçinin qəzetlərin monitorinqi və özünün hazırlayıb qəbul etdiyi jurnalist etikası kodeksinin müddəalarının həyata keçirilməsi funksiyalarını yerinə yetirir.

Dərc edilmə tarixi: 13.10.2016
WHATSAPP ZƏNG ET