İkitərəfli münasibətlər

İkitərəfli münasibətlər

Azərbaycan-Türkiyə münasibətləri
Türkiyə 9 noyabr 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətdir. İki ölkə arasında diplomatik münasibətlər 14 yanvar 1992-ci ildə qurulub.

Azərbaycanın Türkiyədə səfirliyi 1992-ci ilin avqust ayında açılmışdır. 1993-cü ilin yanvar ayında İstanbul şəhərində, 12 aprel 2004-cü il tarixində isə Qars şəhərində Azərbaycanın Baş konsulluqları təsis edilmişdir. Türkiyənin Bakıda Səfirliyi və Naxçıvan və Gəncə şəhərlərində Baş Konsulluqları fəaliyyət göstərməkdədir.

Ulu öndər Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir", Ümümmilli Lider Heydər Əliyevin "Bir millət, iki dövlət" fəlsəfəsi ilə əsaslı təmələ sahib olan ölkələrimizin əlaqələri daha inkişaf etdirilməkdədir. Müasir dövrdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi Azərbaycan dövlətinin xarici siyasətinin çox mühüm tərkib hissəsidir. Tarixi köklərə və qardaşlığa söykənən, hər zaman həmrəylik nümayiş etdirən Azərbaycan və Türkiyə arasında əlaqələr siyasi, iqtisadi-ticari, humanitar, hərbi və s. bütün sahələrdə çox uğurla inkişaf etməkdədir. İki dövlətin rəhbərlərinin müntəzəm xarakter almış qarşılıqlı səfərləri ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynamaqda və müsbət nəticələr verməkdədir.

Son 25 ildə Azərbaycan və Türkiyə arasında siyasi əlaqələr strateji müttəfiqlik səviyyəsinə yüksəlmiş, 15 sentyabr 2010-cu ildə İstanbulda imzalanmış Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının (YSSƏŞ) yaradılmasına dair Birgə Bəyannamə ilə təsbit olunmuş YSSƏŞ-in mütəmadi keçirilən iclasları iki ölkə arasındakı bütün sahələrdə əlaqələrin daha da genişlənməsi və dərinləşməsinə öz töhvəsini vermişdir. Şuranın 25 oktyabr 2011-ci ildə İzmir şəhərində ilk iclası keçirilmiş, 11-12 sentyabr 2012-ci il tarixində Qəbələ şəhərində 2-ci, 2013-cü ilin 12-13 noyabr tarixlərində Ankarada 3-cü, 2015-ci ilin 14-15 yanvar tarixlərində Ankarada 4-cü, 15 mart 2016-cı il tarixində Ankarada 5-ci və 31 oktyabr 2017-ci il tarixdə isə Bakıda 6-cı iclası keçirilmiş, iclasların yekununda bütün sahələrdə əlaqələr müntəzəm nəzərdən keçirilmiş və bir çox sahələrə dair əməkdaşlığa dair mühüm sənədlər imzalanmışdır.

Ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin dinamik şəkildə inkişafının göstəricisi olan qlobal iqtisadi layihələr Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz və 30 oktyabr 2017-ci ildə Bakı şəhərində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikası Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə baş tutmuş “Yeni İpək Yolu” nəqliyyat dəhlizinin önəmli hissəsini təşkil edən Bakı-Tbili-Qars dəmir yolu layihəsi regionda sülhün və təhlükəsizliyin təmin olunmasına öz töhvəsini verməklə yanaşı, xalqlarımızın rifah halının yaxşılaşdırılması baxımından da böyük əhəmiyyətə malikdir. Birgə əməkdaşlıq və təşəbbüs ilə inşası davam etdirilən, artıq XXI Əsrin layihəsi adlandırılan Cənub Qaz Dəhlizinin əsas hissəsi olan Trans-Anadolu (TANAP) qaz boru kəməri layihəsinin reallaşması da Türkiyə və Azərbaycan arasında səmimi dostluq və faydalı tərəfdaşlığının növbəti məhsulu olacaqdır. Bu layihələr iki ölkənin regional qüvvəsini artıraraq qlobal mövqelərini möhkəmləndirir.

Azərbaycan və Türkiyənin Gürcüstan, İran İslam Respublikası, Türkmənistan ilə ayrılıqda üçtəfərli formatda əməkdaşlığı da regional təhlükəsizlik, sabitlik və rifaha öz töhfəsini verməkdədir.

Türkiyə Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünü və Ermənistanın tarixi ərazilərimizin işğalı nəticəsində yaranmış münaqişədə Azərbaycanın ədalətli mövqeyini hər zaman müdafiə edir və iki ölkə arasında beynəlxalq arenada qarşılıqlı dəstək ənənəsi davam etdirilir.

Türkiyə və Azərbaycan arasında bugünədək bütün sahələri əhatə edən 200-dən artıq imzalanmış sənədə malik hüquq-müqavilə bazası da daim genişlənməkdədir.

Dərc edilmə tarixi: 21.02.2019
WHATSAPP ZƏNG ET